Almaniya və Avstriya yığmaları oktyabrın 24-dən 30-dək Bakıda keçirilən FIFA-nın 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında iştirak etmir. Avstriyanın “Der Standard” nəşri 189 milli komandanın qatıldığı turnirdə bu iki ölkənin təmsil olunmamasının səbəblərini araşdırıb.
Almaniyanın mövqeyi
Almaniya Futbol İttifaqı qərarını gənc futbolçuların hazırlanması sisteminin xüsusiyyətləri ilə əsaslandırıb. Qurumun fikrincə, bu yaşda olan oyunçular peşəkar futbolun təzyiqi, ictimaiyyətin yüksək gözləntiləri, çıxışlarının erkən mərhələdə açıq qiymətləndirilməsi və agentlərin marağı ilə vaxtından əvvəl üzləşməməlidirlər. Bu amillərin istedadlı futbolçuların inkişafına mənfi təsir göstərə biləcəyi düşünülür.
Avstriyanın təqvimi
Avstriya Futbol Federasiyası isə “Der Standard”a bildirib ki, Bakıdakı dünya çempionatı elan olunanda U-15 millisinin başqa turnirdə iştirakı artıq razılaşdırılmışdı. Avstriya yığması oktyabrın 28-dən noyabrın 2-dək federasiyanın bazasında keçiriləcək UEFA Development turnirində İslandiya, Yunanıstan və İspaniya ilə qarşılaşacaq.
ÖFB Bakıda keçirilən yarışın səkkizə səkkiz formatını müsbət qiymətləndirib və turniri izləyərək əldə olunacaq təcrübəni gələcəkdə analoji yarışlarda iştirakla bağlı qərarlarda nəzərə alacağını açıqlayıb.
“Der Standard” Rusiya millisinin öz bayrağı altında yarışda iştirakına da diqqət çəkib. Avstriya nəşri bunu Rusiya futbolunun beynəlxalq arenaya qayıdışı istiqamətində addımlardan biri kimi qiymətləndirib; qərar Ukrayna tərəfindən tənqid olunub. Almaniya və Avstriya federasiyaları iştirak etməmələrini idman və təşkilati səbəblərlə izah edib, qərarlarını Rusiya millisinin iştirakı ilə əlaqələndirməyib.
Bakıda keçirilən ilk FIFA U-15 dünya çempionatı və festivalında minə yaxın matç nəzərdə tutulub. Görüşlər səkkizə səkkiz formatında, hər biri 20 dəqiqəlik iki hissədən ibarət keçirilir.