Bakı metrosunda xətlərin ayrılması ilə bağlı nəzərdə tutulan işlər təsdiqlənmiş ardıcıllıq əsasında davam etdirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, “28 May” və “Cəfər Cabbarlı” stansiyalarının yaxınlığında yerləşən iki hazırlıq şaxtasında əsas işlər tamamlanıb və hazırda tunel səviyyəsinə enid mərhələsi həyata keçirilir.
Növbəti mərhələdə xətlərin fiziki olaraq ayrılması üçün texniki hazırlıq işlərinə başlanılıb.

Bəxtiyar Məmmədov bildirib ki, tunel səviyyəsində görülən işlər xüsusi inşaat texnologiyaları ilə icra olunacaq. Məqsəd təhlükəsizliyi tam təmin etməklə yanaşı, layihəni texniki baxımdan mümkün olan ən qısa müddətdə başa çatdırmaqdır. Qeyd olunub ki, əvvəlcədən elan edildiyi kimi, metro xətlərinin fiziki ayrılması prosesinin ümumilikdə 11 ay davam edəcəyi gözlənilir.
Layihə çərçivəsində əlavə olaraq “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada tunelinin inşası da planlaşdırılır.
Hazırda “Cəfər Cabbarlı” stansiyasına keçidi təmin edən mövcud tunelin analoqunun əks istiqamətdə tikintisinə start verilib və qazıntı işləri aparılır. Gələcəkdə bu tunel sərnişinlər üçün rahat piyada keçidi funksiyasını yerinə yetirəcək.

B.Məmmədovun sözlərinə görə, “İçərişəhər” stansiyasının yaxınlığında inşa edilən dönmə kamerasında hazırda kommunikasiya xətlərinin köçürülməsi mərhələsi icra olunur.
Bu işlərin yüksək dəqiqlik tələb etdiyini vurğulayan rəsmi şəxs bildirib ki, proses zamanı ətraf ərazidə yerləşən yaşayış binalarına, obyektlərə və digər infrastruktura zərər dəyməməsi əsas prioritetdir.
Qeyd edilib ki, işlərə başlamazdan əvvəl ərazidə geoloji kəşfiyyat aparılıb, həmçinin aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Hazırda bütün işlər müəyyən olunmuş qaydalara uyğun və plan üzrə davam etdirilir.