Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində bir pillə geriləyərək 127-ci sırada qərarlaşıb. Ayxan Abbasovun baş məşqçisi olduğu komandanın hesabında 1138,96 xal var.
Yığma son dörd qarşılaşmasının ikisində qalib gəlib, digər iki oyunda isə heç-heçə edib. Azərbaycan millisi yoldaşlıq görüşündə Tacikistanı 1:0 hesabı ilə məğlub edib.
UEFA Millətlər Liqasında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edən komanda Bakıda Lixtenşteynlə qolsuz bərabərə qalıb. Millinin son oyunu da Litvaya qarşı olub və Azərbaycan təmsilçisi rəqibini Bakıda 1:0 hesabı ilə üstələyib.
FIFA reytinqinin ilk pilləsində 2011,57 xalla İspaniya yer alıb. Argentina 1972,80 xalla ikinci, Fransa isə 1958,86 xalla üçüncü sıradadır.