Ağadadaş Salyanski Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsindəki çıxışını dəyərləndirib. Hücumçu komandanın qrupda güclü rəqiblərlə qarşılaşdığını, buna baxmayaraq, öz oyununu göstərərək maksimum nəticə qazanmağa çalışdığını deyib.
Salyanskinin sözlərinə görə, U-21 millisinin əvvəlki xal rekordu 9 olub. Komanda seçmə mərhələdə 10 xal toplayaraq bu göstəricini yeniləyib. Futbolçu nəticəni qürurverici adlandırıb və bunun komandanın yaddaşında qalacağını vurğulayıb.
O, Bakıda Cəbəllütariqə qarşı keçirilən son matçdan əvvəl yığmanın 7 xalı olduğunu və qələbəyə ehtiyac duyduqlarını bildirib. Salyanski rəqibdən asılı olmayaraq hər oyuna eyni qaydada hazırlaşdıqlarını, heç bir komandadan çəkinmədiklərini qeyd edib.
Hücumçu qələbədə öz payının olduğunu, lakin nəticənin bütün komandanın və məşqçilər heyətinin birgə zəhməti sayəsində əldə edildiyini söyləyib. Salyanski Cəbəllütariqlə qarşılaşmada dubl edib. Azərbaycan millisi altı komandanın yer aldığı B qrupunu 10 xalla beşinci pillədə tamamlayıb.