AnewZ-nin məlumatına görə, Baltik dənizində ehtimal olunan Ukrayna dron hücumu nəticəsində zədələnən Rusiya yük gəmisinin heyəti başqa bir Rusiya gəmisinə təxliyə olunub və geri qayıdır. Finlandiya Sərhəd Mühafizəsi bu barədə noyabrın 21-də məlumat verib.
“Sparta II” Rusiyanın Qoqland adasının qərbində, beynəlxalq sularda dronların zərbəsindən sonra yanıb. Daha sonra nəzarətsiz hərəkət edən gəmi Finlandiyanın ərazi sularına daxil olub. Buna görə Helsinki müvəqqəti hava və dəniz hərəkəti məhdudiyyətləri tətbiq edib.
Finlandiya Müdafiə Qüvvələri hücuma, ehtimal ki, Ukraynanın cavabdeh olduğunu bildirib. Bununla belə, hadisənin şəraiti və hücumun hədəfi aydın deyil. Finlandiya Müdafiə Qüvvələrinin kommunikasiya direktoru Aki-Mauri Huhtinen jurnalistlərə deyib: “Ehtimal olunur ki, hücumun arxasında Ukrayna dayanır”. Ukrayna məsuliyyəti üzərinə götürməyib və hadisəyə açıq şəkildə münasibət bildirməyib.
Heyət başqa gəmiyə köçürülüb
Gəmi Finlandiyanın cənubundakı Loviisa sahil şəhəri yaxınlığında lövbər saldıqdan sonra xilasetmə əməliyyatlarını Sərhəd Mühafizəsi əlaqələndirib. Finlandiya körfəzinin Sahil Mühafizəsi Dairəsinin komandiri Mikko Simola əvvəlcə heyətin təhlükəsiz yerə köçürüldüyünü, xilasetmə qruplarının isə zərəri qiymətləndirdiyini bildirib. Sonradan heyətin başqa Rusiya gəmisinə keçdiyi və Rusiyaya doğru hərəkət etdiyi təsdiqlənib.
Sərhəd Mühafizəsinin məlumatına görə, digər dəniz nəqliyyatı və əhali üçün dərhal təhlükə olmayıb. Finlandiya rəsmiləri mümkün ekoloji riskləri izləmək üçün qonşu ölkələrlə də koordinasiya aparıblar. Mülki əhalini qorumaq və təcili xidmətlərin işini təmin etmək məqsədilə Finlandiya Finlandiya körfəzinin şərq hissəsində müvəqqəti hava və dəniz məhdudiyyətləri tətbiq edib.
Gəminin yükü təsdiqlənməyib
121 metr uzunluğundakı, Rusiya bayrağı altında üzən “Sparta II” Rusiya Müdafiə Nazirliyinə logistika xidmətləri göstərən “Oboronlogistika” şirkəti tərəfindən istismar olunur. Gəmi ABŞ-ın sanksiyaları altındadır və Sankt-Peterburqdan Rusiyanın Baltik dənizindəki eksklavı Kalininqrada doğru hərəkət edirmiş.
Finlandiya rəsmiləri gəminin hansı yükü daşıdığını təsdiqləyə bilmədiklərini, lakin hərbi təyinatlı materialların olmasını istisna etmədiklərini bildiriblər. Finlandiya Sərhəd Mühafizəsinin komandanı İlja İljin “Reuters”ə deyib: “Hazırda gəmidəki yük barədə təsdiqlənmiş məlumat yoxdur, lakin orada hərbi təyinatlı materialların olması istisna edilə bilməz”.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko gəminin beynəlxalq sularda, Rusiyanın dəniz sərhədindən təxminən üç dəniz mili məsafədə iki dronla vurulduğunu bildirib. O, gecə ərzində Rusiya hava hücumundan müdafiə qüvvələrinin Leninqrad vilayəti üzərində 80 dronu ələ keçirdiyini də qeyd edib.
Hadisə şənbə günü Finlandiyanın hava məkanının Rusiya helikopteri tərəfindən ehtimal olunan pozulması ilə eyni vaxta təsadüf edib. Finlandiya rəsmiləri helikopterin zədələnmiş gəmi ilə bağlı xilasetmə və ya müşahidə əməliyyatlarında iştirak etmiş ola biləcəyini bildiriblər. Baş nazir Petteri Orpo Rusiyanın Ukraynaya qarşı müharibəsinin qonşu ölkələrə getdikcə daha çox təsir etdiyini deyib. O, Finlandiya körfəzindəki vəziyyətlə ölkə rəsmilərinin məşğul olduğunu, Ukraynanın isə təcavüzkara qarşı mübarizə aparmaq hüququna malik olduğunu vurğulayıb.
İsveçin baş naziri Ulf Kristersson vəziyyəti izlədiklərini və Finlandiyaya kömək təklif etdiklərini bildirib. Estoniya rəsmiləri də “Sparta II” gəmisində partlayış əlamətləri olduğunu deyərək hadisəni izlədiklərini açıqlayıblar.
Bu arada, noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçiriləcək. Toplantıda Rusiya raketlərinin Polşa hava məkanını son vaxtlar pozması müzakirə olunacaq. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış noyabrın 21-də “X” platformasında yaxın vaxtlarda NATO müttəfiqlərindən ölkənin şərq sərhədinin mühafizəsinin gücləndirilməsi üçün dəstək alacaqlarını yazıb. O, bazar ertəsi NATO-nun qərargahında keçiriləcək fövqəladə iclasda konkret təkliflərin təqdim ediləcəyini və yeni fəaliyyət imkanlarının müəyyənləşdiriləcəyini bildirib. Nazir bu məsələ ilə bağlı Avropadakı Müttəfiq Qüvvələrin Ali Komandanı, general Aleksus Qrinkevitçlə əlaqə saxladığını, NATO-nun baş katibi Mark Rütteni dəstək bəyanatına görə təşəkkür etdiyini qeyd edib.
Baltik dənizində təhlükəsizlik narahatlıqları
Hadisədən əvvəl ötən həftə Ukrayna dronlarının Leninqrad vilayətinə hücumları zamanı eyni ərazidə Rusiya hərbi gəmisinin vurulduğu barədə məlumatlar yayılmışdı. Finlandiya körfəzi Sankt-Peterburqu Baltik dənizi ilə birləşdirən strateji əhəmiyyətli gəmiçilik marşrutudur. Körfəz NATO üzvləri olan Finlandiya və Estoniya arasında yerləşir.
Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx hadisənin Rusiyanın eksklavına təchizata təhlükə yaratmadığını bildirib. Rusiya daha əvvəl ərazi sularından kənarda ticarət gəmilərinə edilən hücumları terror aktı və dəniz quldurluğu kimi qiymətləndirib.