Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Bakı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, bir müddət əvvəl adıçəkilən bağçada azyaşlının qanında psixotrop maddə aşkarlanması ilə bağlı iddialar yayılmışdı.