Azərbaycanda 2026-2027-ci illər payız-qış mövsümündə istilik sistemlərinin nə vaxt işə salınacağı ilə bağlı məsələyə aydınlıq gətirilib.
Hər il Bakıda və ölkənin bir sıra digər ərazilərində istilik mövsümü noyabrın 15-dən başlayır. Bu isə havaların erkən soyuduğu dövrlərdə sakinlərin narazılığına səbəb olur. Bəzi vətəndaşlar istilik mövsümünün noyabrın 1-dən başlanmasını istəyirlər.
Bəs havaların soyuq keçməsi halında istilik mövsümü müəyyən edilən tarixdən əvvəl başlaya bilərmi?
İstilik mövsümü hansı tarixdə başlayır?
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, istilik mövsümünün başlanma tarixinin dəyişdirilməsi qaydalarda istisna hal kimi nəzərdə tutulub.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənən “İstilik enerjisindən istifadə Qaydaları”na əsasən, payız-qış mövsümü müəyyən ərazilərdə 1 noyabr-1 may, Bakı şəhəri və respublikanın digər ərazilərində isə 15 noyabr-15 aprel tarixlərini əhatə edir.
Mövsümün başlanması ilə bağlı istehlakçılara ən azı 10 gün əvvəl “Azəristiliktəchizat” ASC-nin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində və yaşayış binalarının girişlərində məlumat verilir.
İstilik mövsümü vaxtından əvvəl başlaya bilərmi?
Elvin Basqallı qeyd edib ki, havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla istilik mövsümünün başlanma tarixinin dəyişdirilməsi mümkündür.
Lakin bunun üçün havanın sadəcə bir neçə gün nisbətən soyuq keçməsi kifayət etmir. Qaydalara əsasən, belə qərarın qəbul edilməsi üçün hava şəraitinin davamlı və ciddi şəkildə sərtləşməsi nəzərə alınmalıdır.
Bu halda mövsümün başlanma tarixinin dəyişdirilməsi barədə qərar müvafiq dövlət orqanları məlumatlandırılmaqla müəyyən edilir.
Hansı rayonlarda istilik mövsümü noyabrın 1-də başlayır?
Qaydalara əsasən, 1 noyabr-1 may tarixləri aşağıdakı ərazilər üçün nəzərdə tutulur:
Ağsu, Ağstafa, Balakən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Xankəndi, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Naxçıvan Muxtar Respublikası, Oğuz, Siyəzən, Şamaxı, Şabran, Şəki, Şuşa, Tovuz, Yardımlı və Zaqatala.
Bakı və digər ərazilərdə isə istilik mövsümü qaydalara əsasən 15 noyabrda başlayır.
Şuşada 7 qazanxana fəaliyyət göstərir
Elvin Basqallı Qarabağda istilik və isti su təchizatı ilə bağlı görülən işlərdən də danışıb.
O bildirib ki, Qarabağda mərkəzi qazanxanalara qoşulmuş binaların bir hissəsinə digər qurumlar xidmət göstərir.
“Azəristiliktəchizat” ASC-nin Şuşadakı fəaliyyəti çərçivəsində isə 7 qazanxana yaradılıb. Müxtəlif təyinatlı 16 binanın istilik və isti su təchizatı üçün məhəllədaxili və binadaxili sistemlər qurulub.
966 kilometr istilik xətti sınaqdan keçirilib
ASC-nin mətbuat katibi bildirib ki, 2026-2027-ci illər payız-qış mövsümünə hazırlıq işləri yekunlaşdırılmaq üzrədir.
Hazırlıq çərçivəsində təxminən 966 kilometr istilik xətti su təzyiqi altında sınaqdan keçirilib, 11 kilometr xətt isə yenilənib.
Bundan başqa, qazanlar, nasoslar və digər əsas avadanlıqlar təmir olunub, bir sıra avadanlıqlar yenilənib. Qaz xətləri və təhlükəsizlik avadanlıqları da yoxlanılıb.
Görülən işlərin əsas məqsədi mövsüm başlamazdan əvvəl mümkün nasazlıqları müəyyənləşdirib aradan qaldırmaq və qış aylarında istilik təchizatında fasilə riskini azaltmaqdır.