Mal ətinin qiymətindəki artım bazarlarda kənd toyuğuna tələbatı artırıb. Tələbatın yüksəlməsi isə kənd toyuğunun qiymətinə də təsir göstərib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər” TV-yə istinadən xəbər verir ki, paytaxtla yanaşı, bölgələrdə də kənd toyuğunun qiymətində təxminən 2-5 manat arasında artım müşahidə olunur.
Belə ki, bəzi rayonlarda əvvəllər 12-13 manata satılan kənd toyuqları hazırda 15 manata təklif edilir.
İsmayıllı və Tovuzda qiymətlər artıb
İsmayıllıdakı satıcıların sözlərinə görə, qiymət artımı əsasən son bir ay ərzində baş verib. Onlar bildirirlər ki, mal ətinin bahalaşmasından sonra kənd toyuğuna maraq və tələbat nəzərəçarpacaq dərəcədə artıb.
Oxşar vəziyyət Tovuz bazarında da müşahidə olunur. Burada kənd toyuqlarının qiyməti quşun çəkisi və ölçüsündən asılı olaraq dəyişir.
Satıcıların sözlərinə görə, son bir ay ərzində əsasən 1-2 manatlıq artım qeydə alınıb. Bəzi hallarda isə əvvəllər 5-6 manata satılan kiçik toyuqların qiyməti 12-13 manata yüksəlib.

Şirvanda qiymətlər daha münasibdir
Kənd toyuğunun qiymətindəki artım bütün bölgələrdə eyni səviyyədə deyil.
Şirvan bazarında məhsulun digər rayonlarla müqayisədə daha münasib qiymətə satıldığı bildirilir. Satıcılar bunu kənd toyuqlarını vasitəçilərdən deyil, birbaşa kənd sakinlərindən almaları ilə izah edirlər.
Bakıda kənd toyuğu 12 manata qədər bahalaşıb
Paytaxt bazarlarında da kənd toyuğunun qiymətində artım müşahidə olunur.
Burada qiymətlər quşun ölçüsünə və çəkisinə görə dəyişir. Kənd toyuqları əsasən 8-12 manat və daha yüksək qiymətə təklif edilir.
Alıcıların sözlərinə görə, əvvəllər 5-6 manata aldıqları kənd toyuğunu hazırda daha baha qiymətə almaq məcburiyyətindədirlər.
Bakıda qiymət artımı ilə yanaşı, bazara çıxarılan kənd toyuqlarının sayında da azalma müşahidə olunur.
Satıcılar tələbatın yüksək, təklifin isə az olduğunu bildirirlər. Onların sözlərinə görə, əvvəllər bazarlara gündə təxminən 1 000 ədəd kənd toyuğu gətirilirdisə, hazırda bu rəqəm 400 ədədə qədər azalıb.
Beləliklə, kənd toyuğuna tələbatın artması və bazara çıxarılan məhsulun azalması qiymətlərin yüksəlməsinə səbəb olan əsas amillər kimi göstərilir.