Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda növbəti oyununu Litvaya qarşı keçirəcək. Baş məşqçi Ayxan Abbasov qarşılaşma öncəsi rəqibin əzmkar komanda olduğunu deyib.
“Artıq bir-birimizi yaxşı tanıyırıq. Qısa müddətdə dördüncü oyunumuzu keçirəcəyik. Təəssüf ki, son matçda qalib gələ bilmədik. Futbolçularla söhbətimiz oldu və sabah daha yaxşı oynamalıyıq. Onlara inanıram”, – Abbasov bildirib.
Mütəxəssisin sözlərinə görə, Lixtenşteynlə oyundan sonra futbolçular məyus olublar. O, komandaya həmin nəticəni unutmağı və Litvaya qarşı mübariz oyun göstərməyi tövsiyə etdiyini qeyd edib.
Abbasov millidə çıxış etməyin böyük təzyiq yaratdığını, bəzi futbolçuların isə təcrübə qazanmaq üçün vaxta ehtiyacı olduğunu vurğulayıb. Baş məşqçi bir oyunun hər şeyi həll etmədiyini və komandanın qrup lideri olmaq istədiyini söyləyib.
Azərbaycan – Litva oyunu oktyabrın 4-də, saat 17:00-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.