Avropa İttifaqına üzv ölkələrin Tehranda fəaliyyət göstərən səfirlərinin hamısı İran Xarici İşlər Nazirliyinə dəvət edilib. Bu barədə İran XİN-in mətbuat katibi İsmayıl Bəqayi brifinq zamanı məlumat verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Bəqayi bildirib ki, Avropa İttifaqı ölkələrinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması fonunda səfirlərin XİN-ə çağırılması Tehran tərəfindən atılan minimum cavab addımıdır. Onun sözlərinə görə, bu istiqamətdə əlavə tədbirlərin görülməsi də istisna edilmir.
İran XİN rəsmisi vurğulayıb ki, rəsmi Tehran bir neçə cavab variantını nəzərdən keçirir:
“Biz müxtəlif cavab addımlarını qiymətləndiririk və bir sıra variantlar hazırlanaraq qərarverici qurumlara təqdim edilib. Hesab edirik ki, yaxın günlərdə Avropa İttifaqının qeyri-qanuni və yanlış qərarına adekvat reaksiya ilə bağlı yekun qərar qəbul olunacaq”.
Xatırladaq ki, Avropa İttifaqı ölkələri bir neçə gün əvvəl SEPAH-ı rəsmi şəkildə terror təşkilatı kimi tanıyıb. Bu qərar Tehran–Brüssel münasibətlərində gərginliyin artmasına səbəb olub.