Azərbaycan Güləş Federasiyasının (AGF) hazırladığı süni intellekt platforması Dünya Güləş Birliyinin (UWW) Astanada təşkil etdiyi Elmi Komissiyanın illik iclası və elmi simpoziumunda təqdim olunub və xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə AGF-nin Strateji İnkişaf və Analiz şöbəsinin mütəxəssisi Murad Cabbarov rəqib təhlilində süni intellektin rolu barədə çıxış edib. O, təqdimat zamanı federasiyanın analiz platformasını nümayiş etdirib.
Platformanın imkanları müzakirə olunub
UWW-nin Büro üzvü və Elmi Komissiyasının sədri Buyandelger Peljee, Özbəkistan İdman Universitetinin professoru Fikrət Kərimov, Türkiyəli idman mütəxəssisi və professor Ramazan Savranbaşı, Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin professoru Georgi Korobeynikov, eləcə də Beynəlxalq Güləş Tədqiqatçıları Şəbəkəsinin (INWR) təsisçisi və direktoru Devid Körbi təqdimatı yüksək qiymətləndiriblər. Onlar platformanın güləşin gələcək inkişafı və süni intellektlə rəqəmsal texnologiyaların idmana inteqrasiyası üçün imkanlar açdığını bildiriblər.
UWW prezidenti Nenad Laloviçin də iştirak etdiyi simpoziumda güləşin inkişafı, idmançıların hazırlığı və müasir texnologiyaların idmanda tətbiqi müzakirə olunub. İştirakçılar olimpiya təsnifat sistemi, güləşdə qərarvermə, rəqib təhlilində süni intellektdən istifadə, texniki fəndlərin öyrədilməsində rəqəmsal texnologiyaların rolu və idmançıların fiziki göstəricilərinin izlənilməsi barədə fikir mübadiləsi aparıblar.