Asiya Futbol Konfederasiyası (AFC) Gianni İnfantinonun FIFA prezidenti vəzifəsinə yenidən seçilməsini dəstəkləyib. Təşkilatın prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifə bu barədə oktyabrın 23-də Tokioda keçirilən növbədənkənar iclasda danışıb.
Əl-Xəlifə İnfantinoya və onun rəhbərliyinə dəstəyi təsdiqlədiklərini, FIFA prezidenti postunda yeni mandat uğrunda mübarizəsində onun yanında olacaqlarını deyib. O, tərəflər arasında əvvəllər fikir ayrılıqları olduğunu, lakin bu məsələləri hazırkı dəstəkdən ayrı tutmaq lazım gəldiyini vurğulayıb. Əl-Xəlifənin sözlərinə görə, son günlər Sürixdə keçirilən görüşdə qarşılıqlı anlaşmanın olduğu bəlli olub.
“İrəli getməliyik. Birgə baxış və məqsəd ətrafında çalışanda futbolun daha güclü olduğuna inanırıq. Vahid Asiya ailəsi olaraq, irəliləməyə və sizə dəstək verməyə hazırıq, Gianni”, – deyə əl-Xəlifənin sözlərini insayder Ben Ceykobs X sosial şəbəkəsindəki hesabında paylaşıb.
İnfantino daha əvvəl Afrika Futbol Konfederasiyasının (CAF) dəstəyini alıb. Beləliklə, iki qitə təşkilatı FIFA-nın hazırkı rəhbərini qarşıdakı seçkilərdə dəstəkləmək niyyətində olduğunu bildirib. FIFA prezidentinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Namizədlik üçün müraciətlərin son tarixi 2026-cı il noyabrın 18-dir.