ABŞ Sahil Mühafizə Xidmətinin Şimal-şərq Komandanlığının rəhbəri Mət Leyk (Matt Lake) Nantaket adası yaxınlığında qəzaya uğrayan təyyarədəki 6 nəfərin axtarışının əsas prioritet olduğunu bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nantaket adasından təxminən 32 kilometr aralıda, 24,4–27,4 metr dərinlikdə itkin düşmüş təyyarəyə ait hissələr aşkarlanıb. Mət Leyk axtarış-xilasetmə tədbirlərinin həftəsonu ərzində həmin zonada intensiv şəkildə davam etdirildiyini bildirib.
Massaçusets ştatının yerli orqanları və Nyu-York Milli Qvardiyasının xilasetmə bölmələrinin cəlb olunduğu fasiləsiz əməliyyat 53,5 saatdan çox davam edib və bu müddətdə 7 355 kvadratkilometrə yaxın ərazi yoxlanılıb.
Xatırladaq ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) “Latitude Air Ambulance” şirkətinə məxsus “Gulfstream G100” tipli tibbi təyyarə ilə radarlardan itdikdən sonra əlaqənin kəsildiyini açıqlamışdı. Bermud adalarından Bostona uçan təyyarənin göyərtəsində Kanada vətəndaşı olan 4 nəfər və Bermud adalarının 2 sakin yer alıb. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.