Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni subsidiya və dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək. Müasir suvarma sistemlərindən istifadə edən fermerlərə, bağçılıq təsərrüfatlarına, heyvandarlıq və istixana sahələrinə əlavə dəstək göstərilməsi nəzərdə tutulur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bunu “Aqrar Biznes Festivalı” çərçivəsində keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində açıqlayıb.

Hektara 400 manat subsidiya
Nazirin sözlərinə görə, əvvəlki dövrlərdə dəmyə, səthi suvarma və klassik suvarma ilə becərilən sahələr üçün hektara 200 manat subsidiya ödənilirdisə, yeni mexanizmlə müasir suvarma sistemlərindən istifadə edən və ixtisaslaşmış rayonlarda yerləşən sahələr üçün bu məbləğ 400 manata qədər artırılacaq.
Eyni mexanizmin azad olunmuş ərazilərdə də tətbiq edildiyi bildirilib.
Məcnun Məmmədov qeyd edib ki, azad olunmuş ərazilərdə bu mexanizm artıq iki ildir tətbiq olunur və əldə edilən nəticələr nəzərə alınaraq gələn ildən digər bölgələrdə də tətbiqinə başlanacaq.
Buğda istehsalçılarına əlavə subsidiya
Müasir suvarma sistemi ilə ixtisaslaşmış rayonlarda ərzaqlıq buğda istehsal edən fermerlərə tonuna əlavə 100 manat subsidiya veriləcək.
Bu ödəniş məhsulun laboratoriyada ərzaqlıq buğda kimi təsdiqlənməsindən və emala təhvil verilməsindən sonra həyata keçiriləcək.
Müasir suvarma sistemindən istifadə etməyən digər istehsalçılar üçün də əlavə subsidiya nəzərdə tutulur. Belə ki, ixtisaslaşmış rayonlarda istehsal olunan ərzaqlıq buğdanı emal müəssisələrinə təhvil verən fermerlər tonuna əlavə 50 manat subsidiya ala biləcəklər.
Bağçılığa 20 min manatadək dəstək
Yeni dəstək mexanizmlərindən biri də bağçılıq təsərrüfatlarına aid olacaq.
Azad olunmuş ərazilərdə və Naxçıvanda müxtəlif meyvə növlərinin əkilməsini təşviq etmək üçün birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulur.
Nazirin açıqlamasına görə, bu istiqamətdə dəstəyin məbləği hektara 2-3 min manatdan başlayaraq 20 min manatadək ola bilər.

Fermer texnikasına güzəşt artırılır
Kənd təsərrüfatı texnikası, müasir suvarma sistemləri, qoşqular, örtülü hava depoları və silolarla bağlı da yeni güzəştlər nəzərdə tutulur.
Əvvəllər tətbiq olunan 40 faizlik güzəştin bir sıra istiqamətlər üzrə 50 faizə qədər artırılması planlaşdırılır.
Yerli istehsal olunan müasir suvarma sistemləri üçün isə güzəştin 60 faizə qədər yüksəldilməsi nəzərdə tutulur.
İstixanalara da yeni dəstək
İstixana təsərrüfatları üçün də yeni dövlət dəstəyi mexanizmləri hazırlanıb.
Belə ki, yerli istehsal olunan metal konstruksiyalara və şüşələrə 20 faizlik dövlət güzəşti tətbiq olunacaq.
Bundan başqa, istixananın növündən asılı olaraq hektar hesabı ilə subsidiya verilməsi də nəzərdə tutulur.

Heyvandarlıqda subsidiyalar artırılır
Heyvandarlıq sahəsində də yeni subsidiya mexanizmlərinin tətbiqi planlaşdırılır.
Nazirin sözlərinə görə, ölkəyə idxal olunan dişi heyvan üçün illik 500 manat, həmin heyvandan doğulan və Azərbaycanda yetişdirilən, sürünün dövriyyəsinin təmin olunmasına xidmət edən yeni cins heyvanlara isə 800 manat subsidiya verilməsi nəzərdə tutulur.
Yeni ferma yaradan sahibkarlar üçün də əlavə dəstək olacaq.
Belə ki, yeni yaradılan südçülük təsərrüfatlarında hər heyvana görə 1500 manat, ətçilik təsərrüfatlarında isə hər heyvana görə əlavə 1000 manat subsidiya verilməsi planlaşdırılır.
Nazir bildirib ki, bu ödənişlər mövcud 60 faizlik güzəşt mexanizminə əlavə olaraq tətbiq ediləcək.
Süni mayalanmada subsidiya qaydası dəyişir
Süni mayalanma ilə bağlı subsidiya mexanizmində də dəyişiklik nəzərdə tutulur.
Əvvəllər süni mayalanma nəticəsində doğulan hər buzova görə 100 manat subsidiya ödənilirdisə, bu məbləğin 75 manata endirilməsi planlaşdırılır.
Lakin həmin heyvandan süni mayalanma yolu ilə doğulan və sürünün artırılmasına xidmət edən yeni heyvanlara görə 150 manat subsidiya verilməsi nəzərdə tutulur.
Beləliklə, yeni mexanizmlərlə kənd təsərrüfatında həm müasir suvarma sistemlərinin, həm məhsulun emala yönəldilməsinin, həm də yeni texnologiyalar və məhsuldar heyvan cinslərindən istifadənin təşviq edilməsi hədəflənir.