Əsas məzmuna keç
Kamran Bayram oğlu Əliyev

Kamran Bayram oğlu Əliyev

Azərbaycanın Baş prokuroru

Mənbə: genprosecutor.gov.az · yoxlanılıb 29.09.2026

Tərcümeyi-hal

Kamran Bayram oğlu Əliyev 18 noyabr 1965-ci ildə Balakən şəhərində doğulub.

1987-ci ildə İrkutsk Dövlət Universitetini bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına qəbul olunub: Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğuna tabe Çita Nəqliyyat prokurorluğunda müstəntiq vəzifəsi üzrə stajor, sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq işləyib. 1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani aspiranturada oxuyub, eyni zamanda orada elmi işçi olub.

Azərbaycan prokurorluğuna köçürüldükdən sonra Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və Ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi vəzifələrində çalışıb. 2007-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi olub, Prezidentin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

Prezidentin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin olunub, 1 may 2025-ci il tarixli Sərəncamla bu vəzifəyə yenidən təyin edilib; 23 noyabr 2021-ci ildə ona I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Baş Prokurorluğun Kollegiyasının sədri, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti, GRECO-da Azərbaycan nümayəndə heyətinin üzvü və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsində milli koordinatordur. "Azərbaycan bayrağı" (2008), 2-ci dərəcəli (2018) və 1-ci dərəcəli (2025) "Vətənə xidmətə görə" ordenləri, "Heydər Əliyevin 100 illiyi (1923-2023)" (2024) və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" (2026) yubiley medalları ilə təltif edilib. Ailəlidir, iki övladı və dörd nəvəsi var.

Səhv görürsünüz? Redaksiyaya yazın

Təhsil

  • 1987 — İrkutsk Dövlət Universiteti (Rusiya Federasiyası), hüquq fakültəsi, fərqlənmə diplomu
  • 1990–1993 — keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutu, əyani aspirantura; 1993 — hüquq elmləri namizədi (hüquq üzrə fəlsəfə doktoru)

Xəbərlərdə

“Kamran Əliyev” haqqında bütün xəbərlər (73) →