Almaniyalı tennisçi, dünya reytinqinin lideri Aleksandr Zverev həmyerlisi, “Böyük dəbilqə” turnirlərinin altıqat çempionu Boris Bekerin tənqidinə cavab verib.
Beker daha əvvəl Zverevin Almaniyada kifayət qədər populyar olmamasının səbəblərindən danışarkən onun valideynlərinin Rusiyadan olduğunu, oyunlar zamanı komandası ilə rus dilində ünsiyyət qurduğunu və Ukraynadakı münaqişə ilə bağlı açıqlama vermədiyini söyləmişdi. O, Zverevin almaniyalı jurnalistlərlə ünsiyyət tərzini də tənqid etmiş, tennisçinin azarkeşlərə daha açıq olmasının vacibliyini vurğulamışdı.
“Masters” seriyalı Paris turnirində Lorenso Muzettini məğlub edə bilməyən Zverev həmyerlisinin fikirlərinə münasibət bildirib. O, Bekerin, adətən, çox cəfəng sözlər söylədiyini və özünün etdiyi hər şeyi şərh etməyə çalışdığı təəssüratının yarandığını deyib.
Zverev Bekerin onun siyasi baxışlarını açıqlamalı olduğunu düşünməsini qəribə adlandırıb: “Bu məsələ ilə bağlı mövqeyim tam aydındır. Məndən bu barədə heç vaxt soruşmayıblar. Sosial şəbəkələrə girib hansısa şərhlər yazmaq fikrim yoxdur. Bu, mənim üslubum deyil. Heç vaxt belə etməmişəm və etməyi də planlaşdırmıram”.