Rusiyanın “Krasnodar” klubunu çalışdıran Murad Musayev yenidən “Sabah”ın baş məşqçisi ola bilər. Rusiyalı mütəxəssis Bakı təmsilçisinin bu vəzifəyə əsas namizədlərindən biri hesab olunur.
Fanat.az-ın yaydığı məlumata görə, “Sabah”ın hazırkı baş məşqçisi Valdas Dambrauskas Avropa klublarından cəlbedici təklif alarsa, mövsümün sonunda və ya daha əvvəl komandadan ayrıla bilər.
Litvalı mütəxəssisin gedişi baş verəcəyi halda, klub rəhbərliyinin ilk seçiminin Murad Musayev olacağı bildirilir. Məlumata əsasən, Musayev də əvvəl çalışdığı komandaya qayıtmaq ideyasına müsbət yanaşır.
Rusiyalı məşqçi 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib. Onun başçılığı ilə Bakı klubu tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb və avrokuboklarda iştirak hüququ əldə edib.