Avropada sərnişin reyslərinə cümə günü, noyabrın 6-da yeni bomba təhdidləri göndərilib. Bir həftə ərzində qeydə alınan üçüncü belə hadisə mümkün koordinasiyalı kampaniya və “hibrid təcavüz, psixoloji müharibə forması” ilə bağlı narahatlıq yaradıb.
“AnewZ” yazır ki, partlayıcı qurğu aşkarlanmayıb və təhdidə məruz qalan bütün təyyarələr təhlükəsiz eniş edib.
Danimarka polisi Kopenhagen hava limanından həyata keçirilən reyslərə yönələn təhdidlərlə bağlı araşdırma aparıldığını, lakin sərnişinlərin təhlükədə olmadığının ehtimal edildiyini bildirib. Çexiya polisi Praqadan yola düşən və ya Praqaya gələn doqquz reysə təhdid olduğunu açıqlayıb. Reyslərin heç biri ləğv edilməyib.
Praqadan Romaya uçan “Wizz Air” təyyarəsi Venesiyaya yönləndirilib və orada təhlükəsiz eniş edib. Fransa baş nazirinin ofisi Fransa hava məkanında uçan təyyarələrə qarşı daha dörd təhdid qeydə alındığını bildirib. “CNN Portugal” isə Romadan Lissabona uçan “Ryanair” təyyarəsinə bomba xəbərdarlığından sonra təhlükəsizlik əməliyyatına başlanıldığını yazıb.
Hadisələr noyabrın 6-da Çexiyanın Praqa şəhərindəki Vatslav Havel hava limanında da qeydə alınıb.
Bir həftədə üçüncü təhdid dalğası
Cümə axşamı göndərilən təhdidlər Avropada azı 15 reysin istiqamətini dəyişməsinə və ya təcili eniş etməsinə səbəb olub. Çərşənbə axşamı isə oxşar hadisələr yeddi təyyarəyə təsir edib.
Cümə axşamı İtaliya, Fransa və Bolqarıstan qırıcıları havaya qaldırılıb. Azı beş reysi hərbi təyyarələr müşayiət edib. Böyük Britaniyanın nəqliyyat naziri Heydi Aleksandr təhdidləri “zərərli yalan həyəcan siqnalları” adlandırıb.
Avropa İttifaqının nəqliyyat komissarı Apostolos Tsitsikostas hadisələrə görə kimin məsuliyyət daşıdığı barədə nəticə çıxarmaq üçün hələ tez olduğunu bildirib.
Təhdidlərin arxasında kimin dayandığı araşdırılır
İtaliyanın bir hava limanındakı mənbə bildirib ki, Roma və Milan hava limanlarına, eləcə də aviaşirkətlərə göndərilən mesajlarda onların “Male State döyüşçüləri” tərəfindən göndərildiyi iddia olunub. “Reuters” göndərənin kimliyini təsdiqləyə bilmədiyini yazıb.
Rusiyanın 2016-cı ildə yaradılmış anti-feminist hərəkatının təsisçisi Vladislav Pozdnyakov hər hansı əlaqəsinin olduğunu təkzib edib və qrupun artıq mövcud olmadığını deyib.
Təhlükəsizlik üzrə ekspertlər hadisələrin koordinasiyalı “hibrid” hücum əlamətləri daşıdığını bildiriblər. Bununla yanaşı, təqlid xarakterli təhdidlərin və şəxsi narazılıqların səbəb ola biləcəyini də istisna etməyiblər.
Avropa rəsmiləri daha əvvəl Rusiyanı və İranı hibrid hücumlar həyata keçirməkdə ittiham ediblər. Moskva və Tehran bu ittihamları rədd edir.
Yeni təyyarə təhdidlərindən əvvəl, həftənin əvvəlində naməlum hakerlər bir neçə Avropa ölkəsində supermarketlərin soyuducularını sıradan çıxarıb. Bəzi ekspertlər bomba təhdidlərinin məsul şəxslərin müəyyənləşdirilməsini çətinləşdirən, az xərc tələb edən daha geniş pozuntu kampaniyasının bir hissəsi ola biləcəyini ehtimal ediblər.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Bueno hadisələrin miqyasının və oxşarlığının onların ayrı-ayrı, əlaqəsiz insidentlər olmadığını göstərdiyini deyib.
Albares İspaniyanın “TVE” telekanalına müsahibəsində baş verənləri “hibrid təcavüz və psixoloji müharibə forması” adlandırıb. Onun sözlərinə görə, bu qədər hadisənin eyni ssenari üzrə baş verməsi təsadüf ola bilməz və Avropa yeni pozuntulara hazır olmalıdır.