Belçikanın Brüssel Cənub Şarlerua (Charleroi) aeroportunda hava hərəkətinin idarə olunmasına cavabdeh dispetçerlərin tətili nəticəsində aviasiya nəqliyyatında ciddi axsamalar yaranıb. İş aksiyası səbəbindən ümumilikdə 42 uçuş proqramdan çıxarılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti rəsmi bəyanat yayıb.
Məlumata görə, təxirə salınan və ləğv edilən reyslərin hamısı hava limanının əsas daşıyıcısı olan İrlandiyanın "Ryanair" aşağıbüdcəli aviaşirkətinə aiddir. Məhdudiyyətlər çərçivəsində günün birinci yarısında 18 (9 gediş və 9 gəliş), axşam saatlarında isə 24 (12 gediş və 12 gəliş) marşrut üzrə uçuşlar reallaşdırılmayıb.
Belçikada hava məkanına cavabdeh olan "Skeyes" milli naviqasiya təşkilatının əməkdaşları tərəfindən başlayan aksiyanın oktyabrın 10-dək hər gecə saat 22:00-dan 08:00-dək davam edəcəyi bildirilir. Tətilin ümumilikdə 800-dən çox reysə və yüz minlərlə sərnişinin səyahət planına təsir göstərəcəyi ehtimal olunur.