Operativ Məlumat Mərkəzi

Zəfərə aparan şanlı yol

4 dəq
Paylaş:
Zəfərə aparan şanlı yol

44 Günlük Vətən Müharibəsi və bu müharibədə əldə etdiyimiz qələbə yalnız yeni tariximizin deyil, bütün dövlətçilik tariximizin ən şanlı hadisələrindən biridir. Bu tarixi qələbə, onun miqyası və bu müharibədə hərbçilərimizin göstərdiyi qəhrəmanlıq o qədər böyükdür ki, müharibənin üstündən 4 illik bir zaman ötsə də, bu gün də dünyanın ən güclü dövlətləri ordumuzun bu müharibədə sərgilədiyi taktikaları öyrənməkdədir. Artıq 4 ildir ki, dünya ordumuzun qəhrəmanlığı qarşısında duyduğu heyrəti gizlədə bilmir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov saytımıza açıqlamasında deyib.

Ekspert qeyd edib ki, uzun illərdir ki, düşmənin işğalda saxladığı torpaqlarımızda yaratdığı müdafiə istehkamlarını yarıb keçən, bir dəfə belə olsun geri addım atmayan Azərbaycan Ordusu, Ermənistanın timsalında onun himayədarlarını da məğlub etdi. Müharibənin hər bir anı, xüsusilə də Şuşanın yüngül silahlarla ələ keçirilməsi faktı bütün dünyada əsl şok effekti yaratdı.

Cəlil Xəlilov: Azərbaycan hərbçilərinin beynəlxalq yarışlarda qazandıqları nəticələr ordumuzun yüksək peşəkarlığının göstəricisidir - AZƏRTAC

“Birmənalı olaraq qeyd etməliyik ki, 8 Noyabr zəfəri xalqımıza, dövlətimizə qarşı uzun illərdir ki, davam edən erməni təxribatlarına qarşı ən layiqli cavab oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu, 30 illik işğaldakı torpaqları azad etdi”.

Cəlil Xəlilovun sözlərinə görə, bu qələbədə Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da mühüm rol oynadı. Xalqımız mənəvi baxımdan ordu ilə sıx həmrəylik nümayiş etdirdi. Yaşından, peşəsindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı orduya öz dəstəyini ifadə etdi ki, bu da hərbçilər üçün çox böyük mənəvi stimula çevrildi. Azyaşlı məktəblilərin orduya yolladığı məktublar, bu məktublarda yer alan sevgi və səmimiyyət dolu fikirlər, uşaqların çəkdiyi şəkillər – bir sözlə atılan hər bir addım əsgərlərimizi qələbəyə daha da ruhlandırır, onların mübarizə əzmini artırırdı. Məhz xalq-ordu birliyi sayəsində düşmən üzərində parlaq hərbi qalibiyyət əldə edildi, ərazi bütövlüyümüz bərpa olundu.

Hərbi-ekspert hesab edir ki, Vətən Müharibəsi ilə bağlı bədii-sənədli filmlərin çəkilməsi bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Vətən müharibəsində göstərilən qəhrəmanlıqların filmlərdə yer alması, ekranlaşdırılması gənc, eləcə də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da önəmli addımlardan biridir.

“Dünya təcrübəsi sübut edir ki, bu gün kino tarixin öyrənilməsi və təbliği baxımından ən universal vasitədir. Bizim də öz qəhrəmanlıq tariximizi təbliğ etmək baxımından filmlərin imkanından istifadə etməyimiz vacibdir.

Ümumiyyətlə, şanlı 8 Noyabr zəfərinin, bu zəfərə aparan şərəfli yolun sadəcə filmlərdə deyil, ədəbiyyatda, musiqidə, mədəniyyət və incəsənətin bütün sahələrində öz əksini tapması mütləqdir. Bütün əlaqədar qurumlar, o cümlədən şairlərimiz, yazıçılarımız, mədəniyyət və incəsənət xadimlərimiz bu məsələni diqqətdə saxlamalı, hər kəs bu məsələyə bacarığı və istedadı çərçivəsində öz töhfəsini verməlidir”, - deyə ekspert vurğulayıb.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər