Bir çoxları üçün ev almaq illərin arzusu, bəziləri üçün isə həyatın ən böyük riski olub. Açarlardan əvvəl verilən vədlər, imzalanan müqavilələr və sonradan yarımçıq qalan binalar… Son illər mənzil bazarında yaşanan problemlər vətəndaşları daha ehtiyatlı olmağa məcbur edir. Ekspertlər xəbərdarlıq edir: mənzil alarkən bir səhv illərlə davam edən problemə çevrilə bilər.
Əmlak üzrə ekspertlərin tövsiyələrinə əsasən, vətəndaşlar mənzil alarkən mütləq aşağıdakı məqamlara diqqət etməlidir:
- MTK-nın keçmişi araşdırılmalıdır
Şirkətin əvvəl tikdiyi binalar, vaxtında təhvil verib-vermədiyi, şikayətlərin olub-olmaması yoxlanılmalıdır.- Alqı-satqı müqaviləsi notarial qaydada bağlanmalıdır
Sadə müqavilə və ya daxili arayışlarla mənzil almaq böyük risk yaradır.- Binanın reyestrdə olub-olmaması dəqiqləşdirilməlidir
Reyestri olmayan binada bir mənzilin bir neçə nəfərə satılması riski yüksəkdir.- Ödənişlərin rəsmi şəkildə aparılması vacibdir
Bütün ödənişlər bank köçürməsi ilə edilməli, qəbzlər saxlanılmalıdır.- Bank krediti ilə satılan mənzillər daha təhlükəsizdir
Bank nəzarəti bir mənzilin təkrar satışını və hüquqi problemləri istisna edir.- Tikintinin faktiki vəziyyəti yerində yoxlanılmalıdır
Yalnız maketə və ya vədlərə deyil, real tikinti prosesinə baxmaq vacibdir.
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, 1990-cı ildən fəaliyyət göstərən bir sıra tikinti şirkətləri vətəndaşlara mənzil təhvil verməkdə gecikib və bəzi hallarda tikilmiş binalar yarımçıq qalıb.

“30 ildən artıqdır ki, çoxmənzilli binalar inşa edilir, lakin bəzi hallarda alqı-satqı müqavilələri və maliyyə arayışları düzgün aparılmır. Bu da vətəndaşlarda narahatlıq yaradır. Eyni zamanda, binaların reyestri aparılmadığı üçün bir mənzilin bir neçə nəfərə satılması halları baş verir,” – deyə ekspert qeyd edib.
O əlavə edib ki, bu tip fırıldaqçı şirkətlər artıq tikinti sektorundan kənarlaşdırılıb, bir hissəsi bağlanıb, bir hissəsi isə zərəri ödəyib. Buna baxmayaraq, vətəndaşların yarımçıq binalara olan etimadı hələ də zəifdir.
Elnur Fərzəliyev vurğulayıb ki, bank vasitəsilə satılan mənzillərdə isə belə problemlər baş vermir:
“Əgər mənzil bank krediti ilə satılırsa, bankın nəzarəti altında olduğuna görə, bir mənzilin bir neçə nəfərə satılması halları mümkün deyil.”
Ekspert hesab edir ki, tikinti sahəsində hər hansı yeniliklər və etibarlı şirkətlərin fəaliyyətinin genişləndirilməsi bazara müsbət təsir göstərir, həm mənzil istehlakçılarının, həm də tikinti şirkətlərinin xeyrinədir.
O həmçinin qeyd edib ki, hazırda paytaxtda tikinti işlərinin səviyyəsi zəifdir və yeni tikilən binaların azlığı əmlak bazarında qiymət artımına səbəb olub.