Rusiyalı üzgüçü Yeqor Kornev Bakıda 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 44,84 saniyə nəticə göstərərək dünya rekordunu təkrarlayıb. Bu göstərici avstraliyalı Kayl Çalmersə məxsus dünya rekorduna bərabərdir.
Kornev bildirib ki, rekordun təkrarlanması onun üçün böyük əhəmiyyət daşıyır. Üzgüçü qarşıdakı mərhələlərdə nəticəsini yaxşılaşdırmağa çalışacağını və rekordun yalnız ona məxsus olmasını istədiyini deyib.
O, nailiyyətin Azərbaycanda qeydə alınmasından məmnun qaldığını vurğulayıb. Kornevin sözlərinə görə, hovuz yüksək nəticələr göstərmək üçün əlverişlidir. O, yarışa hazırlıq müddətinin qısa olduğunu da qeyd edib: üzməyə yenidən başlamasından cəmi üç həftə, bəlkə də daha az vaxt keçibmiş. Buna baxmayaraq, çıxışının uğurlu alınmasına və güclü rəqiblərlə yarışmaq imkanına sevindiyini söyləyib.
Kornev Azərbaycanda ilk dəfə olduğunu bildirib. O, ölkə barədə təəssüratlarını bölüşərək insanların mehribanlığını, şəhərin gözəlliyini və hovuzun yüksək səviyyəsini qeyd edib.