Yaponiyada yaşı 100-dən yuxarı olan insanların sayı tarixdə ilk dəfə 100 mini ötüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Yaponiya hökuməti əhalinin yaş strukturu ilə bağlı yeni statistik məlumatları açıqlayıb.
Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına görə, 100 yaşdan yuxarı insanların sayı artıq 56 ildir ardıcıl olaraq artır.
Sentyabr ayına olan məlumata əsasən, ölkədə 100 yaşını keçmiş insanların sayı 107 min 677 nəfər təşkil edib. Bununla da Yaponiyada bir əsrdən çox yaşayan insanların sayı ilk dəfə 100 min həddini keçib.
Ötən illə müqayisədə bu göstərici 7 min 914 nəfər artıb. 100 yaşdan yuxarı şəxslərin 94 min 298-i qadın, 13 min 379-u isə kişidir.
Yaponiyanın ən yaşlı qadını 114 yaşlı Kişimoto Fuyo, ən yaşlı kişisi isə 112 yaşlı Kato Hikarudur.
Yaponiyada 100 yaşdan yuxarı insanların sayına dair statistika ilk dəfə 1963-cü ildə aparılmağa başlayıb.
100 yaşdan yuxarı şəxslərin sayı ilk dəfə 1981-ci ildə mini, 1998-ci ildə 10 mini, 2012-ci ildə isə 50 mini keçib.
Məlumatlara görə, Yaponiyada orta ömür uzunluğu qadınlar üçün 87,3 il, kişilər üçün isə 81,3 il təşkil edir.