Venesuelada həftəsonu ərzində ən azı 80 siyasi məhbus azadlığa buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin tanınmış insan haqları təşkilatı olan "Foro Penal" məlumat yayıb.
Təşkilatın direktoru Alfredo Romero bildirib ki, hazırda şəxsiyyətlərin dəqiqləşdirilməsi prosesi davam edir və azad edilənlərin sayının artacağı gözlənilir.
"Foro Penal" vəkili Qonsalo Himiob "X" sosial şəbəkəsində verdiyi açıqlamada qeyd edib ki, yoxlamalar başa çatdıqdan sonra bu rəqəm 80-i keçə bilər.
Məhbusların azad edilməsi ABŞ-nin bu ayın əvvəlində Venesuela Prezidenti Nikolas Maduronu həbs edərək narkotik qaçaqmalçılığı ittihamı ilə Nyu-Yorka aparmasından sonraya təsadüf edir.
Digər tərəfdən, müvəqqəti prezident Delsi Rodriqes 600-dən çox məhbusun sərbəst buraxıldığını iddia etsə də, "Foro Penal" bu rəqəmin şişirdildiyini vurğulayır.
Təşkilatın məlumatına görə, azad edilənlər arasında 2024-cü ilin avqustundan bəri "Tocorón" həbsxanasında saxlanılan Kennedi Texeda da var.
İnsan haqları müdafiəçiləri xəbərdarlıq edir ki, azadlığa buraxılanların çoxunun üzərindən ittihamlar götürülməyib. Bu isə onları hüquqi qeyri-müəyyənlikdə saxlayır və ictimaiyyətə açıqlama vermələrini qadağan edir. Yanvarın 8-dən bəri ümumilikdə 156 siyasi məhbus, o cümlədən müxalifət nümayəndələri və ən azı beş İspaniya vətəndaşı sərbəst buraxılıb.
Delsi Rodriqes həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk ilə əlaqə saxlayaraq, siyahıların BMT tərəfindən təsdiqlənməsini xahiş edəcəyini bildirib. Qeyd edək ki, beynəlxalq ictimaiyyət və insan haqları təşkilatları Venesuela hökumətini tənqidçiləri susdurmaq üçün qanunsuz həbslərdə ittiham edir.