Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Zirə” əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında “Səbail”i 3:2 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra “Zirə”nin qapıçısı Aydın Bayramov matçın çətin keçdiyini deyib.
Bayramov “Səbail”in heyət seçimini yüksək qiymətləndirib və rəqibin Birinci Liqada çıxış etməsinə baxmayaraq, güclü oyunçulara malik olduğunu söyləyib. Onun sözlərinə görə, “Səbail”in futbolçularının əksəriyyəti ötən mövsüm Premyer Liqada oynayıb, komandada yaxşı əcnəbi futbolçular da var.
“Onlar motivasiyalı idilər, çünki yüksək liqa təmsilçisinə qarşı oynayırdılar. Çətin mübarizəyə, eləcə də penaltilər seriyasına hazır idim. Bizi MPL səviyyəsində oyun gözləyirdi”, – deyə qapıçı sportal.az-a açıqlamasında bildirib.
Bayramov “Zirə”nin böyük heyət itkiləri səbəbindən hazırda çətin dövr keçirdiyini qeyd edib. Komandanı “Araz-Naxçıvan”la səfər oyununun gözlədiyini deyən qapıçı məqsədlərinin qalib gəlmək olduğunu vurğulayıb. O, “Zirə”nin liderlərdən geri qalmadığını və onlara çatmağa çalışacağını, əsas vəzifənin isə bu çətin dövrdən çıxmaq olduğunu bildirib.