Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində “Səbail” və “Zirə” arasında keçirilən oyunda hakim qərarı ilə bağlı diqqətçəkən hal qeydə alınıb. Meydan sahiblərinin futbolçusu Samuel Nonqoh iki sarı vərəqə almasına baxmayaraq, qarşılaşmanı sona qədər davam etdirib.
Kamerunlu futbolçu 68-ci dəqiqədə, daha sonra isə 80-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Matçın baş hakimi Səbuhi Bayramov ikinci xəbərdarlıqdan sonra Nonqoha qırmızı vərəqə göstərməyib.
Qaydalara əsasən, ikinci sarı vərəqədən sonra futbolçu meydandan kənarlaşdırılmalı idi. Buna baxmayaraq, Nonqoh oyunun qalan hissəsində də “Səbail”in heyətində çıxış edib.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda komandalar hərəyə bir qol vuraraq hesabı 2:2-yə çatdırıblar. Penaltilər seriyasında 3:2 hesabı ilə üstün olan “Zirə” növbəti mərhələyə yüksəlib.