Üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsi start götürüb. Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu mərhələnin Azərbaycanda ilk dəfə təşkil olunduğunu deyib.
Qayıbov tədbiri növbəti idman bayramı adlandırıb və yarışın keçirilməsinə göstərilən etimada görə Beynəlxalq Üzgüçülük Federasiyasına təşəkkür edib. Nazir təşkilati işlərə görə Azərbaycan Üzgüçülük Federasiyasına, idmançılara dəstək olmaq üçün tribunada əyləşən tamaşaçılara da minnətdarlığını bildirib.
“Azərbaycanda ilk dəfədir ki, üzgüçülük üzrə Dünya Kubokunun mərhələsi keçirilir. Bununla əlaqədar olaraq hər birinizi təbrik edirəm”, – deyə nazir açılış mərasimində söyləyib.
Fərid Qayıbov Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi dövlət siyasəti nəticəsində ölkədə hər ay yeni uğurlar əldə olunduğunu qeyd edib. O, həmçinin Bakının 2026-cı ilin dünya idman paytaxtı olduğunu xatırladıb.
Gənclər və idman naziri yarış iştirakçılarına uğurlar, Azərbaycana gələn qonaqlara isə ölkədə xoş istirahət arzulayıb.