ABŞ Prezidenti Donald Trampın Dallasda keçirilən Respublikaçıların aralıq qurultayında açıqladığı 5 min dollarlıq çek vədi Ağ Evdə qarışıqlıq yaradıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu məsələni yalnız məhdud sayda siyasi məsləhətçi ilə müzakirə edib və nəticədə büdcəyə 1 trilyon dollardan çox əlavə yük gətirə biləcək təklifin detalları və icra mexanizminin müəyyənləşdirilməsi üçün Ağ Evdə təcili iş aparılıb.
Ağ Ev tərəfindən daha sonra yayımlanan məlumat qeydində ödənişlərin hansı mənbə hesabına maliyyələşdiriləcəyi açıqlanmayıb.
Tramp vəsaitin xarici ticarət tariflərindən əldə olunacaq gəlirlər hesabına təmin edilə biləcəyini bildirib.
Lakin müstəqil qurumların hesablamalarına görə, yeni tariflər bu xərclərin yalnız onda birini qarşılaya bilər.
Konqresin Büdcə Ofisinin məlumatları da belə bir ödənişin federal büdcədə böyük kəsir yaranması riskini artırdığını göstərir.
Bir sıra respublikaçı qanunvericilər və partiyanın iqtisadçıları noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində irəli sürülən ideyanı real hesab etməyib.
Onlar təklifin Respublikaçılar Partiyasının əsas iqtisadi prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildiriblər.
Artan yaşayış xərcləri və inflyasiya ilə bağlı seçici narazılığını azaltmaq məqsədi daşıdığı bildirilən vəd büdcə kəsirini artıracağı və inflyasiyanı sürətləndirə biləcəyi üçün ekspertlər tərəfindən tənqid olunub.
Təklifin həyata keçirilməsi üçün Konqresin təsdiqinə ehtiyac olub-olmadığı hələ aydın deyil.
Trampın müttəfiqləri və partiyanın keçmiş rəsmiləri isə bu addımın siyasi rüşvət kimi qəbul edilə biləcəyi barədə xəbərdarlıq ediblər.