Müasir informasiya bolluğu və dezinformasiya əsrində məktəblilərin informasiya təhlükəsizliyinin təmin olunması, onlarda tənqidi düşüncənin formalaşdırılması prioritet məsələlərdən birinə çevrilib. Sosial şəbəkələrin və rəqəmsal platformaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə "Media savadlılığı"nın məktəblərdə tədrisi zərurəti geniş müzakirə olunur.
Bəs bu biliklərin ayrıca fənn kimi keçilməsi, yoxsa mövcud fənlərin (İnformatika, Azərbaycan dili və s.) tərkibinə inteqrasiya olunması daha məqsədəuyğundur? Azərbaycanın təhsil sistemi və müəllim heyəti bu istiqamətdə maarifləndirməyə nə dərəcədə hazırdır?
Məsələ ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, müasir dövrdə media savadlılığı artıq əlavə bir bacarıq deyil, mühüm zərurətdir:
"Bu gün şagirdlər sosial şəbəkələrdə və internet platformalarında hər gün yüzlərlə informasiya ilə qarşılaşırlar. Əsas məsələ isə informasiyanın çoxluğu deyil, onun nə dərəcədə doğru və etibarlı olduğunu müəyyənləşdirə bilməkdir. Şagird faktı rəydən ayırmağı, mənbələri yoxlamağı və dezinformasiyanı tanımağı bacarmalıdır".

Təhsil eksperti media savadlılığının tədrisi üçün ən uyğun modelə də toxunaraq qarışıq yanaşmanın tərəfdarı olduğunu qeyd edib:
"Media savadlılığının ayrıca fənn kimi, yoxsa mövcud fənlərə inteqrasiya olunaraq tədris edilməsi məsələsinə gəlincə, mən daha çox qarışıq modelin tərəfdarıyam. Azərbaycan dili dərslərində, məsələn, mətnlərin təhlili, Informatika dərslərində rəqəmsal təhlükəsizlik və məlumatların etibarlılığının yoxlanılması üzərində işləmək mümkündür. Bununla yanaşı, ayrıca fənn şagirdlərə bu bilikləri sistemli şəkildə mənimsəmək imkanı verə bilər".
Əmrah Həsənli müəllim heyətinin hazırlığı və kadr potensialının gücləndirilməsi məsələsini də xüsusi vurğulayıb:
"Burada müəllim hazırlığı da xüsusi əhəmiyyət daşıyır. Müəllimlər üçün praktiki təlimlər keçirilməli, müasir metodik vəsaitlər hazırlanmalıdır. Çünki media savadlılığını öyrətmək sadəcə internetdən istifadə qaydalarını izah etmək deyil, şagirdlərdə həm də tənqidi düşüncə formalaşdırmaqdır".