Şagirdlərin məktəblərarası yerdəyişməsi rəqəmsallaşma dövrünün tələblərinə uyğun olaraq tam şəffaf və onlayn qaydada həyata keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspertin sözlərinə görə, artıq valideynlər heç bir məktəb direktoru və ya rəsmi şəxslə görüşmədən, birbaşa sy.edu.gov.az portalı üzərindən şəxsi kabinet açaraq övladlarının istədikləri məktəbə müraciətini həyata keçirə bilirlər. Müraciət zamanı valideyn həm məktəbi, həm də vakant yeri olan sinfi sərbəst seçmək imkanına malikdir. Məsələn, şagird 4-cü sinifdə oxuyursa, müvafiq olaraq 4-cü sinif üzrə boş olan yerlərə seçim edir. Daxil olan müraciətlərə məktəb rəhbərliyi tərəfindən 3 gün müddətində baxılır və yerdəyişmənin uyğunluğuna əsasən adekvat qərar verilir.
| tehsil365.news" width="943" height="737" />Ramin Nurəliyev vurğulayıb ki, 9 və 11-ci sinif şagirdlərinin yerdəyişməsində isə fərqli bir yanaşma tətbiq olunur:
“Buraxılış imtahanları və sinifləri nəzərə alınaraq, bu proses hər zaman deyil, yalnız müəyyən olunmuş vaxt çərçivəsində aparılır. Bundan əlavə, yuxarı siniflərdə, xüsusilə də 10 və 11-ci siniflərdə yerdəyişmə zamanı valideynlər müraciət əsnasında yaşayış yeri haqqında məlumat və arayışı mütləq sistemə əlavə etməlidirlər”.
Məktəb rəhbərliyinin yerdəyişmə zamanı xüsusilə diqqət yetirdiyi məqamlara toxunan ekspert bildirib ki, əgər hər hansı bir məktəbin sinfinə müraciət sayı həddən artıq çoxdursa, ilk növbədə həmin təhsil müəssisəsinin yaxınlığında qeydiyyatda olan və ya yaşayan şəxslərə üstünlük verilir:
“Bununla yanaşı, şəhid ailələrinin övladları və əlillik dərəcəsi olan şagirdlərin müraciətləri prioritet hesab olunur. Yalnız bu kateqoriyadan olan müraciətlər təmin edildikdən sonra boş yer qalarsa, digər şagirdlərin yerdəyişməsi icra edilir”.
Yerdəyişmə zamanı ən çox rast gəlinən imtina səbəblərini də açıqlayan R.Nurəliyev qeyd edib ki, bu, əsasən tədris dili və xarici dilin uyğunsuzluğu ilə bağlıdır:
“Məsələn, şagird rus bölməsində təhsil alırsa, lakin müraciət edilən məktəbdə rus bölməsi üzrə tədris aparılmırsa, müraciətə birbaşa imtina gəlir. Bu halda valideynə övladının aldığı tədris dilinə uyğun başqa bir məktəbə müraciət etməsi tövsiyə olunur”.