“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatının 9-cu turunda “Espanyol”la oyun öncəsi komandasının hazırkı çıxışını dəyərləndirib. Madrid təmsilçisi turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
“Altı oyunda qələbə qazanmaq hər şeyin ideal olduğu demək deyil. Matçın müxtəlif anlarında səhvlər qaçılmazdır. Düşünürəm ki, oyunlarımızda təşəbbüsü ələ almağımız komandamıza fayda verir. Ümumilikdə, həm hücumda, həm də müdafiədə yaxşılaşdırılmalı məqamlar var”, – Simeone AS nəşrinə açıqlamasında bildirib.
“Espanyol” – “Atletiko” qarşılaşması oktyabrın 17-də Barselonadakı “Kornelya-El Prat” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunun baş hakimi Lansarotedən olan Alehandro Ernandes olacaq.