Şimali Koreyanın Xarici İşlər naziri Ço Son Hi Koreya yarımadasının nüvə silahlarından azad edilməsi ilə bağlı beynəlxalq çağırışları qətiyyətlə rədd edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Nazir Pxenyanın öz nüvə arsenalını “bütün dövrlər boyu əbədi olaraq qoruyacağını” bəyan edib.
Ço Son Hi ABŞ, Cənubi Koreya və Yaponiyanın Xarici İşlər nazirlərinin Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsindəki üçtərəfli görüşünü tənqid edib. Müttəfiq ölkələrin Şimali Koreyanın "tam və yoxlanıla bilən nüvəsizləşdirilməsi" barədə qəbul etdiyi birgə bəyanata münasibət bildirən Pxenyan rəsmisi, ölkəsinin bu statusdan imtina etməyəcəyini vurğulayıb:
“Şimali Koreyanın xarici işlər naziri kimi dövlətimizin istənilən vəziyyətdə geri dönməz və əbədi olaraq dəyişməz nüvə silahlarını bütün dövrlər boyu qorumaqla bağlı sarsılmaz iradəsini ən qəti şəkildə bir daha təsdiqləyirəm”.
Nazir əlavə edib ki, dialoqla hərbi təzyiqin paralel yürütülməsi strategiyası başqa dövlətlərə şamil oluna bilsə də, Şimali Koreya ilə münasibətdə bu cür yanaşma tamamilə keçərsizdir.
Bəyanatla yanaşı, Pxenyan hərbi qüdrətini nümayiş etdirməyə davam edir. Şimali Koreya sentyabrın 22-də təkmilləşdirilmiş 240 millimetrlik çoxlüləli reaktiv yaylım atəşi sistemi (ÇLRYAS) üçün nəzərdə tutulmuş yeni sursatların uğurlu sınağını keçirdiyini açıqlayıb.
KCNA-nın verdiyi məlumata görə, “avtonom dəqiq tuşlama sistemi” ilə təchiz olunmuş bu raketlər standart trayektoriya uçuşunda 100 kilometr, kombinə edilmiş süzmə rejimində isə 115 kilometr məsafədə yerləşən şərti hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.