Şimali Koreya Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ölkənin nüvə proqramının ləğv edilməsi və nüvəsizləşdirilməsi ilə bağlı növbəti çağırışlarını kəskin şəkildə rədd edərək, nüvə dövləti statusunun "mütləq və geri dönməz" olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) ölkə lideri Kim Çen Inın bacısı və hakim Koreya Əmək Partiyasının departament rəhbəri Kim Yo-conqun rəsmi bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Kim Yo-conq MAQATE Baş Konfransı ərəfəsində Qərb ölkələrinin Pxenyanın nüvə arsenalından imtina etməsi tələblərini “boş səs-küy” adlandırıb. O vurğulayıb ki, beynəlxalq təşkilatların müntəzəm iclasları və təzyiqləri Şimali Koreyanın dövlət suverenliyini və ali maraqlarını qorumaq iradəsinə təsir göstərə bilməz. Pxenyanın nüvə statusunun həm hüquqi, həm də fiziki müstəvidə daimi olaraq möhkəmləndiyi və bu reallığın heç vaxt dəyişməyəcəyi diqqətə çatdırılıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyi isə bəyanatla bağlı açıqlama yayaraq, Kim Yo-conqun bu çıxışının Pxenyanın gələcək olası danışıqlarda nüvə silahsızlanması mövzusunu müzakirə masasına gətirməyəcəyini Vaşinqtona öncədən nümayiş etdirmək gedişi olduğunu bildirib.