Səudiyyə Ərəbistanının “Delta Energy International” şirkəti Əfqanıstanın Mədənlər və Neft Nazirliyi ilə 25 illik, 200 milyon dollar dəyərində neft-qaz müqaviləsi imzalayıb.
Müqavilə çərçivəsində ölkənin qərbində yerləşən Kuşk-Tirpul hövzəsində kəşfiyyat və hasilat işlərinə başlanacaq. Əfqanıstan hökumətinin məlumatına görə, ilkin investisiya Kuşk ərazisindəki yeddi qaz blokunu əhatə edəcək.
Herat və Bəğdis əyalətləri arasında yerləşən daha geniş hövzənin sahəsi təxminən 22 min kvadratkilometrdir. “Delta Energy International” bildirib ki, genişmiqyaslı proqram 10 il ərzində 60 milyard dollaradək potensial investisiya cəlb edə bilər.
Şirkət qeyd edib ki, bu məbləğ kəşfiyyatın nəticələrindən, ehtiyatların kifayət qədər olmasından, texniki və iqtisadi məqsədəuyğunluqdan, maliyyələşmədən, tənzimləyici təsdiqlərdən və yekun investisiya qərarlarından asılı olacaq.
Əfqanıstanın Mədənlər və Neft naziri Hidayətullah Bədri sazişi, xüsusilə qaz sahəsində, ölkənin enerji özünütəminatının artırılması istiqamətində addım kimi qiymətləndirib.
“Kəşfiyyat və hasilat işləri ilə Əfqanıstanın qaz tələbatını ödəyə biləcəyinə ümid var. Digər müsbət məqam isə müqavilə bağlanan şirkətin yüksək nüfuza malik olmasıdır”, – Hidayətullah Bədri deyib.
“Delta Energy International” şirkətinin baş icraçı direktoru Şahər Əl-Taqi sazişin tərəfdaşlıq yanaşmasını əks etdirdiyini bildirib. O, şirkətin siyasətinin “qazan-qazan” prinsipi üzərində qurulduğunu vurğulayıb.
İmzalanma mərasimində iştirak edən Əfqanıstan üzrə ABŞ-ın keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad ölkənin daha geniş regional rol oynaya biləcəyini deyib. Onun sözlərinə görə, Əfqanıstan iki regionu birləşdirən körpü rolunu oynaya bilər.
“Delta Energy International” Heratdan Qəndəhar əyalətindəki Spin Boldaka yaxın əraziyə qədər uzanacaq 700 kilometrlik qaz kəməri layihəsini də araşdırır. Şirkət layihənin dəyərinin məqsədəuyğunluq, maliyyələşmə və təsdiqlərdən asılı olaraq təxminən 10 milyard dollar ola biləcəyini hesablayır.