Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi şənbə günü Riyad və paytaxtın şərqində yerləşən Əl-Xərc şəhərində mümkün təhlükə ilə bağlı ikinci dəfə xəbərdarlıq yayıb. Daha sonra qurum əhalinin narahatlığına əsas olmadığını bildirərək təhlükənin sovuşduğunu açıqlayıb.
Xəbərdarlıqlar Yəməndə fəaliyyət göstərən və İranla müttəfiq olan husilərin Səudiyyə Ərəbistanına hücumlarını artırdığı bir vaxtda verilib. Bu, husilərin qonşu Yəməndən hücumlarını intensivləşdirməsindən sonra paytaxt üçün verilən ilk xəbərdarlıqlar olub.
Husilərin hərbi sözçüsü bundan bir neçə saat əvvəl Yəmənin paytaxtı Sənada adı açıqlanmayan “cinayətkar cəhdlərin” qarşısının alındığını bildirib. O, bunun arxasında Səudiyyə Ərəbistanının dayandığını iddia edərək cavab veriləcəyini açıqlayıb. Səudiyyə hökumətinin media ofisi bu bəyanata dərhal münasibət bildirməyib.
BMT Təhlükəsizlik Şurası husilərin Səudiyyə Ərəbistanına hücumlarını, o cümlədən mülki və enerji infrastrukturuna zərbələri pisləyib. Hücumlar nəticəsində qadın və uşaqların da olduğu mülki şəxslərin yaralandığı bildirilib.
Şura üzvləri avqustun 7-də qəbul etdikləri bəyanatda Səudiyyə Ərəbistanına raket hücumlarını və ticarət gəmilərinə qarşı hücumları pislədiklərini xatırladıblar. Onlar Qırmızı dənizdə və Bab əl-Məndəbdə gəmiçilik üçün təhdidlərin davam etməsini də qınayaraq gəmilərin və ekipajların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıblar.