“Sabah”ın prezidenti Maqsud Adıgözəlov Polşanın “Weszlo” portalına müsahibəsində klubun yaranması, transfer siyasəti və gələcək hədəfləri barədə danışıb. O bildirib ki, komandanın Premyer Liqada çıxış etdiyi ilk mövsümdə büdcəsi təxminən 1,2 milyon avro olub. Klub 2018-ci ildə şəxsi ofis və stadion olmadan fəaliyyət göstərib, sonradan Masazırda arena taparaq ondan istifadə barədə razılıq əldə edib.
Adıgözəlov skautinq və məlumatların təhlilinin klubun inkişafında əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, “Sabah” əvvəlcə “Lill”in ikinci komandasında oynayan Aaron Maludanı icarəyə götürüb, daha sonra futbolçunun hüquqlarını 250 min avroya alıb. Maluda sonradan təxminən 3 milyon avroya “Bazel”ə satılıb. Bu, klub tarixinin rekord satışıdır.
Prezidentin sözlərinə görə, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıldıqdan sonra akademiyanın inkişafı üçün Sabah Endowment fondu yaradılıb. İlkin kapitalı təxminən 5 milyon avro olan fondun vəsaitinin bank depozitləri və istiqrazlara yatırılması planlaşdırılır. Gəlirlər akademiyanın infrastrukturu və məşq şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək. Fondun investisiya mexanizminin bəzi detalları hələ dəqiqləşdirilir.
Adıgözəlov bildirib ki, klub bahalı transferlərə kütləvi vəsait ayırmaq niyyətində deyil; yeni oyunçular yalnız heyətin keyfiyyətini artıracaqları halda alınacaq. O, baş məşqçi Valdas Dambrauskasın peşəkarlığını yüksək qiymətləndirib. “Sabah”ın hədəfləri isə avrokuboklarda müntəzəm oynamaq və ölkə çempionatında yüksək yerlər uğrunda mübarizə aparmaqdır.