ABŞ dövlət katibi Marko Rubio Ukrayna münaqişəsinin nizama salınması üzrə mövcud vəziyyəti dəyərləndirərək, hazırda tərəflər arasında danışıqlar yolu ilə sülhün əldə olunması üçün real perspektivlərin görünmədiyini bildirib. Onun bu bəyanatını Yunanıstanın “Kathimerini” qəzeti dərc edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rubio Vaşinqtonun münaqişənin eskalasiyası riskini böyük narahatlıqla izlədiyini, lakin buna baxmayaraq, diplomatik həllə nail olunması istiqamətində vasitəçilik rolunu oynamağa hazır olduğunu diqqətə çatdırıb:
“Hazırda, görünür, danışıqlar yolu ilə həll üçün heç bir perspektiv yoxdur. Bununla belə, bu məqsədə çatmaq üçün mümkün olan istənilən konstruktiv rolu oynamağa hazırıq”.
ABŞ dövlət katibi bir qədər əvvəl, oktyabrın 6-da verdiyi açıqlamada da Ağ Evin əsas prioritetinin Ukraynadakı münaqişənin tezliklə başa çatdırılması olduğunu vurğulamış, lakin cəbhədəki cari dinamikanın böhranın sonlanması istiqamətində inkişaf etmədiyini qeyd etmişdi.
Xatırladaq ki, oktyabrın 1-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində göstərdiyi səylərə və vasitəçilik təşəbbüslərinə görə ABŞ rəhbərliyinə minnətdarlığını ifadə etmişdi.