Rusiya Federasiyasının Prezidenti Vladimir Putin doğum günü münasibətilə ABŞ Prezidenti Donald Trampdan təbrik teleqramı almayıb. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov “RİA Novosti” agentliyinə verdiyi açıqlamada bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Peskov Birləşmiş Ştatlar rəhbərliyi tərəfindən hər hansı rəsmi təbrik məktubunun daxil olmadığını vurğulayaraq, "Trampdan təbrik teleqramı olmayıb, yoxdur", – deyə qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında rusiyalı həmkarını doğum günü münasibətilə zəng edərək təbrik etməyi planlaşdırdığını bildirmişdi. Tramp, həmçinin Vaşinqtonun vasitəçilik səyləri ilə yaxın vaxtlarda növbəti — sayca doqquzuncu silahlı münaqişənin dinc yolla nizamlanmasına nail olmaq niyyətində olduğunu diqqətə çatdırmışdı.
Qeyd edək ki, oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Donald Trampa Ukrayna böhranının diplomatik həlli istiqamətində göstərdiyi ardıcıl səylərə görə minnətdarlığını bildirmiş, iki ölkə liderləri arasında uzun illərə söykənən konstruktiv münasibətlərin mövcudluğunu vurğulamışdı.