Avropanı təsir altına alan ardıcıl isti hava dalğaları və uzunmüddətli quraqlıq bir çox çay yatağını qurumuş və qumlu ərazilərə çevirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, qitənin ticarəti və kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyan Reyn, Dunay və Po kimi böyük çaylarda suyun səviyyəsi tarixi minimumlara enib.
Bu vəziyyət yükdaşımalarında ciddi problemlərə səbəb olmaqla yanaşı, bəzi nüvə elektrik stansiyalarının reaktorlarını dayandırmasına gətirib çıxarıb.
"Wall Street Journal"ın peyk görüntülərinin təhlili Avropa çaylarında su səviyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə nə qədər sürətlə azaldığını ortaya qoyub.
Dunay çayında suyun həddindən artıq azalması Rumıniyanın yeganə nüvə elektrik stansiyasının soyutma suyu ehtiyacını ödəməsinə mane olub. Ölkənin enerji tələbatının təxminən 20 faizini təmin edən Çernavoda Nüvə Elektrik Stansiyası avqustun ortalarında fəaliyyətini dayandırıb. Ordunun partlayıcılardan istifadə etməklə stansiyaya daha çox su yönəltmək cəhdləri də nəticə verməyib.
Macarıstanın elektrik enerjisinin təxminən 40 faizini təmin edən Paks Nüvə Elektrik Stansiyası da su qıtlığı səbəbindən istehsalı dayandırmaq həddinə çatıb.
Reyn çayının bəzi hissələrində suyun səviyyəsinin kəskin azalması yük gəmilərinin öz tutumlarının yalnız 20 faizi ilə hərəkət etməsinə səbəb olub. Bu vəziyyət daşınma xərclərini artıraraq təchizat zəncirində problemlər yaradıb. Almaniyanın Kaub bölgəsində çayın səviyyəsinin 24 santimetrə, bəzi yerlərdə isə 8 santimetrdən də aşağı düşməsi yük daşımalarını iqtisadi baxımdan səmərəsiz hala gətirib.
İtaliyanın ən uzun çayı olan Po çayında suyun geri çəkilməsi isə Adriatik dənizindən gələn duzlu suyun çay yatağına doğru irəliləməsinə səbəb olub. Bu proses kənd təsərrüfatı torpaqları və məhsullar üçün ciddi təhlükə yaradıb.
Cənubi və Qərbi Avropanın böyük hissəsində qış yağıntıları orta göstəricidən yüksək olsa da, may ayından etibarən davam edən isti hava dalğaları torpağı sürətlə qurudub.
Mütəxəssislər bildirirlər ki, yağış yağsa belə, suyun çaylara çatmasından əvvəl quraqlıqdan qurumuş torpaqlar tərəfindən udulması ehtimalı yüksəkdir. Buna görə də vəziyyətin qısa müddətdə düzəlməsi gözlənilmir.
Avropa Komissiyasının məlumatlarına görə, yüksək temperatur və quraqlıq şəraitinin avqust və sentyabr aylarında da davam edəcəyi gözlənilir.