Azərbaycan millisinin, “Qarabağ”ın və “Neftçi”nin keçmiş futbolçusu Rauf Əliyev Misli Premyer Liqasının VIII turunda baş tutacaq oyun öncəsi komandaların şanslarını dəyərləndirib. 37 yaşlı sabiq hücumçu “Qarabağ”ın qələbə ehtimalını daha yüksək hesab etdiyini bildirib.
Əliyevin sözlərinə görə, qarşılaşma maraqlı keçəcək. O, hər iki komandanın cari mövsüm çempionluğun əsas namizədləri sırasında olduğunu qeyd edib.
Keçmiş futbolçu bildirib ki, əvvəlki illərlə müqayisədə çempionatda rəqabət artıb, çünki rəqiblər gücləniblər. Onun fikrincə, “Neftçi” və “Sabah” “Qarabağ”ın əsas rəqibləridir və bu səbəbdən Ağdam klubu üçün Premyer Liqada mübarizə əvvəlki kimi rahat deyil.
Bununla belə, Əliyev “Neftçi” ilə matçda “Qarabağ”ın qələbə şansını nisbətən daha çox gördüyünü deyib. O, adına layiq derbi izləyəcəklərinə inandığını bildirib və hər iki kollektivə uğurlar arzulayıb.
“Qarabağ” – “Neftçi” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da başlayacaq.