Misli Premyer Liqasının VIII turunda bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq. Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika stadionunda saat 19:00-da başlayacaq.
Bir oyun az keçirən Ağdam klubu mövsümdə “Sabah”la birlikdə məğlub olmayan iki komandadan biridir. Turnir cədvəlinə başçılıq edən “Neftçi” sonuncu dəfə beş tur əvvəl uduzub. Paytaxt təmsilçisi uğurlu seriyasını davam etdirməyə çalışacaq.
Günün digər oyunu
Günün ilk qarşılaşmasında “Qəbələ” “Sabah”ı qəbul edəcək. Dörd gün əvvəl Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın “Slaviya” klubuna qalib gələn son çempion bu dəfə meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq. Mövsümdə cəmi bir qələbəsi olan “Qəbələ” isə sürpriz nəticəyə ümid edir. Qəbələ şəhər stadionunda görüş saat 16:00-da start götürəcək.
“Neftçi” 16 xalla liderdir. Eyni xala malik “Sabah” ikinci, “Qarabağ” üçüncüdür. Dörd xalı olan “Qəbələ” onuncu pillədə qərarlaşıb. Turun əvvəlki oyunlarında “Şamaxı” “Şəfa”nı 3:2, “Sumqayıt” isə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib.
Oyunların təyinatları
“Qəbələ” – “Sabah” matçını Əliyar Ağayev idarə edəcək. Köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov, dördüncü hakim Namiq Bəkirov olacaq. VAR hakimi Rəşad Əhmədov, AVAR hakimi Rahil Ramazanov, hakim-inspektor Munis Abdullayev, AFFA nümayəndəsi Seymur Səlimlidir.
“Qarabağ” – “Neftçi” görüşünün baş hakimi Kamal Umudludur. Ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcək, dördüncü hakim Fərid Hacıyev olacaq. VAR hakimi Əli Əliyev, AVAR hakimi Pərvin Talıbov, hakim-inspektor Şahin Cəfərov, AFFA nümayəndəsi Erkin Hüsyenovdur.