Bakıda ilk dəfə sumo üzrə dünya çempionatı keçiriləcək. Oktyabrın 17-18-də Bakı İdman Sarayında təşkil olunacaq yarışda böyüklərlə yanaşı, U-18 yaş qrupunda oğlanlar və qızlar da çıxış edəcəklər. İdmançılar fərdi və komanda yarışlarında mübarizə aparacaqlar.
Çempionatda peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar format tətbiq olunacaq. Bu formatda iştirakçılar çəki dərəcələri üzrə yarışır, qadınlar üçün də ayrıca mübarizə təşkil olunur. Peşəkar sumoda isə çəki dərəcələri yoxdur və qadınlar yarışmırlar. Həvəskar sumoda geyim qaydaları da fərqlidir: kişilər mawashi kəmərinin altında alt paltarı və ya kip şort, qadınlar isə idman maykası və ya gimnastika geyimi geyinirlər.
Bolqarıstan mediasının məlumatına görə, həmin ölkənin sumoçuları İstanbulda baş verən güclü fırtına səbəbindən reyslərinin ləğv olunmasından sonra Bakıya gecikmə ilə gəliblər. Komanda səhər saat 4-də paytaxta çataraq birbaşa çəkiölçməyə yollanıb. Onların heyətində Avropa çempionu Anna Metodiyeva, 2026-cı ildə qitə çempionu olmuş Presiyan Mixov və 2025-ci il dünya çempionatının bürünc mükafatçısı İvan Blaqoyev var.
Azərbaycanın sumoçuları beynəlxalq yarışlarda 2007-ci ildən çıxış edirlər. Namiq Sadıqov və Əmiraslan Əhmədov 2013-cü ildə Avropa çempionatında qızıl medal qazanıblar. 2023-cü ildə Avropa Kubokunda Azərbaycan komandası üç qızıl və üç gümüş medalla birinci olub. Həmin il Röyal Ağamalıyev dünya çempionatında gümüş medal əldə edib, Camal Feyziyev isə Avropa Kubokunda iki qızıl medal qazanıb.
Son Avropa çempionatında Cavid Yusifov qitə çempionu, Əmrah Şəfiyev isə ikiqat bürünc mükafatçı olub; Azərbaycan komandası üçüncü yeri tutub. Yarışda sumo üzrə əfsanəvi yokozuna Hakuho Senin də Bakıya gələcəyi gözlənilir. O, ötən il də paytaxtda olub və çempionatın talismanı “Azumo” təqdim edilib.