Oktyabrın 17-18-də Bakı İdman Sarayında sumo üzrə dünya çempionatı keçiriləcək. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Çempionatda dünyanın 30-a yaxın ölkəsindən idmançıların iştirakı gözlənilir. Kişilər, qadınlar və 18 yaşadək yeniyetmələr fərdi və komanda yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu əks etdirən, xüsusi hazırlanmış torpaq “dohyo” meydanında təşkil olunacaq. İki gün davam edəcək çempionatın açılış mərasimində xüsusi şou proqramı da təqdim ediləcək.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar fərdi və komanda yarışlarında çıxış edəcəklər. Oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda mübarizələri keçiriləcək.