Azərbaycan millisinin futbolçusu Toral Bayramov karyerası ilə bağlı yeni qərar verib. Sport24.az-ın məlumatına görə, o, “Bursaspor”dan ayrılmaq istəyir. Buna baş məşqçi Mustafa Er tərəfindən kifayət qədər şans verilməməsi səbəb olub.
“Bursaspor”un səfərdə “Muğlaspor”u 3:0 hesabı ilə məğlub etdiyi oyunda Bayramov ehtiyatda qalıb. Bu, futbolçunun səbrini daşırıb. O, bundan əvvəl “Mardin 1969”a 1:2 hesabı ilə uduzduqları qarşılaşmada da ehtiyatda saxlanılmışdı.
Bayramov artıq agentlərini qərarı barədə məlumatlandırıb və qış transfer pəncərəsində yeni kluba keçmək istədiyini bildirib. O, yalnız baş məşqçi Mustafa Erlə yollar ayrılacağı təqdirdə “Bursaspor”da qalmağa hazırdır.
Toral Bayramov yayda “Qarabağ”dan “Bursaspor”a keçib. Azərbaycanlı futbolçu Türkiyə Birinci Liqasının cari mövsümündə yeddi oyunda meydana çıxıb və ümumilikdə 237 dəqiqə oynayıb.