Qazaxıstan Respublikası Qəzza zolağı üzrə yaradılan “Sülh Şurası”na üzv olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin bu təşkilata qoşulması üçün 1 milyard dollar məbləğində üzvlük haqqı ödəməsi barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidmətindən verilən məlumata görə, şuraya üzvlüklə bağlı qərar dövlətin suveren hüququdur və üzvlüklə bağlı hər hansı ilkin maliyyə şərti mövcud deyil.
Nizamnamədə qeyd olunan 1 milyard dollarlıq könüllü ianə üzvlük üçün məcburi şərt deyil, sadəcə iştirakçıların hüququdur.
Məsələ ilə bağlı rəsmi açıqlamada aşağıdakı məqamlar vurğulanıb:
- Şuraya üzvlük müddəti standart olaraq 3 il təşkil edir;
- Əgər üzv dövlət ilk il ərzində könüllü ianə edərsə, onun təşkilatda qalma müddəti 3 ildən artıq müddətə uzadıla bilər;
- Qazaxıstan nizamnamə qaydalarına tam uyğun olaraq, heç bir maliyyə vəsaiti ödəmədən təşkilata daxil olub.
Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndəsi “Sülh Şurası”nın nizamnaməsini imzalayıb.
Bu təşkilat İsrail və HƏMAS hərəkatı arasındakı razılaşma əsasında Qəzza zolağının idarə olunması, həmçinin digər regionlardakı münaqişələrin həlli və qarşısının alınması məqsədilə təsis edilib.