Sosial şəbəkələrdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Kadi Borqesin son çıxışından və artıq çəkisindən narazı olduğu barədə məlumatlar yayılıb. İddialarda mütəxəssisin uzun müddətdir braziliyalı futbolçunun çəkisi ilə bağlı problem yaşadığı da bildirilirdi.
Yayılan məlumatlara görə, Kadiyə yeni klub axtarmaq tövsiyə olunub və “Qarabağ”ın münasib təklif alacağı halda onun transferinə razılıq verəcəyi iddia edilib.
Klubun mətbuat xidməti bu xəbərlərin, o cümlədən Kadi Borqesin komandadan ayrılacağı barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Kadi 2021–2022-ci illərdə “Qarabağ”da çıxış edib və 75 oyunda 28 qol vurub. Həmin dövrdə Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. Daha sonra 5 milyon avroya “Krasnodar”a transfer olunan futbolçu, 1,5 il sonra eyni məbləğə “Ferentsvaroş”a keçib. Kadi 2025-ci ilin fevralında Macarıstandan Azərbaycana qayıdıb və “Qarabağ”la 4 illik müqavilə imzalayıb.