Əfqanıstanın şərqində yerləşən Kunar vilayətinin paytaxtı Əsədabad şəhərində orta məktəb yaxınlığında baş verən partlayış nəticəsində azı 7 şagird həlak olub, bir neçə nəfər yaralanıb. Əfqanıstan hökumətinin sözçüsü hadisənin şənbə günü, noyabrın 28-də səhər baş verdiyini deyib.
AnewZ-in məlumatına görə, ilkin araşdırmalar partlayışın məktəbin yaxınlığında yerləşən, mədən şirkətlərinə məxsus partlayıcı maddələrin saxlandığı anbarda baş verdiyini göstərir.
Kunar Vilayət Xəstəxanasının rəhbəri Mawla Dad “Al Jazeera”ya yaralıların sayının 97 nəfər olduğunu bildirib. O, əlavə məlumat əldə olunduqca bu rəqəmin dəyişə biləcəyini qeyd edib.
Əfqanıstan mediası da bir neçə şagirdin həlak olduğu və yaralandığı barədə məlumat yayıb.
Polis sözçüsü Farid Dehqan məktəbdə baş verən partlayışın şəraitinin araşdırıldığını deyib. Onun sözlərinə görə, partlayış şəhərin Andirsir məhəlləsində yerli vaxtla saat 10:00 radələrində baş verib.
Kunar vilayətinin İnformasiya və Mədəniyyət İdarəsinin rəhbəri Sami-ul-Haq Bayan daha əvvəl partlayışın xarakteri barədə məlumat verə bilmədiyini bildirib. Bu barədə “Reuters” məlumat yayıb.
Kunar vilayəti Pakistanla sərhəddə yerləşir.