Bakıda qol güləşi üzrə tarixdə ilk Dünya Komanda Çempionatı keçirilir. Azərbaycan millisinin baş məşqçisi Samir Babayev yarışda iştirak edən komandaların sayı, turnirin favoritləri və əsas komandanın heyəti barədə açıqlama verib.
Babayevin sözlərinə görə, çempionatda ümumilikdə 12 komanda mübarizə aparır və Azərbaycan iki heyətlə təmsil olunur. Reqlamentə əsasən, hər komandada dörd kişi və bir qadın idmançı yer alır.
“Turnirin əsas favoritləri sırasına Azərbaycanla yanaşı, Polşa və Ukrayna yığmaları da daxildir”, – Samir Babayev deyib.
Baş məşqçi əsas komandanın kişi idmançılardan ibarət heyətini də açıqlayıb. 70 kq çəki dərəcəsində Azərbaycanı dördqat Avropa və dördqat dünya çempionu Əli Məmmədov, 86 kq-da Ramazan Rüstəmov, 95 kq-da Vadim Əkbərov, +95 kq-da isə Azər Məhərrəmov təmsil edir.