Silahlı qrup Yəmənin sahil şəhəri Balhafdan 64 dəniz mili cənub-qərbdə yük gəmisini ələ keçirib. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) şənbə günü, noyabrın 28-də gəmi kapitanına istinadən məlumat yayıb.
UKMTO bildirib ki, aidiyyəti qurumlar hadisədən xəbərdar edilib və ərazidəki digər gəmilərə ehtiyatlı hərəkət etmək tövsiyə olunub.
Yəmənin cənub sahilində yerləşən Balhaf ölkənin yeganə mayeləşdirilmiş təbii qaz ixrac terminalına ev sahibliyi edir. Bununla belə, döyüşlər səbəbindən hasilat və ixrac 2015-ci ilin aprelində dayandırılıb. Şəhərdə həmçinin dərin sulu dəniz limanı var.