Azərbaycan şahmatçısı Xaqan Əhməd 20 yaşadək şahmatçılar arasında dünya çempionatında liderliyə yüksəlib. Venesuelanın paytaxtı Karakasda keçirilən yarışın 10-cu turunda 15 yaşlı idmançımız ağ fiqurlarla kubalı beynəlxalq usta Daniel İdalqo Diası məğlub edib.
Turnirin lideri hindistanlı Etan Vaz isə paraqvaylı Xuan Sebastian Meliana uduzub. Beləliklə, son tur ərəfəsində Xaqan Əhməd və Etan Vazın hər ikisinin hesabında 8 xal var. Əlavə göstəricilərə görə hindistanlı şahmatçı öndədir. Vuppala Pranit 7,5 xalla üçüncü, daha dörd iştirakçı isə 7 xalla növbəti pillələrdə qərarlaşıb.
Xaqan Əhməd indiyədək məğlub olmayıb: o, altı qələbə qazanıb, dörd görüşü heç-heçə ilə başa vurub. 11-ci turda şahmatçımız qara fiqurlarla Xuan Sebastian Melianla, Etan Vaz isə qara fiqurlarla ekvadorlu Kristofer Qarson Sapatanqa ilə qarşılaşacaq. Xaqan qalib gəlsə, Etan Vaz isə xal itirsə, Azərbaycan şahmatçısı dünya çempionu olacaq. Xallar bərabər olarsa, qalib əlavə göstəricilərlə müəyyənləşəcək.
Qızların yarışında Lalə Hüseynova 10-cu turda ağ fiqurlarla perulu Fiorella Kontreras Uamana məğlub olub. O, 5,5 xalla 16-cı yerdədir və son turda qara fiqurlarla Trinidad və Tobaqo təmsilçisi Zara La Flerlə oynayacaq.
Çempionatın son turu noyabrın 27-də Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Kontekst
Noyabrın 25-də keçirilən VII turda Xaqan Əhməd Etan Vazla heç-heçə edib. VIII turun oyunlarından sonra Azərbaycan şahmatçısı turnir cədvəlinin ikinci pilləsinə yüksəlib.